Abu-Dabidə keçirilən 2019 Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edərək böyük qələbəyə imza atıblar.
Yığma komandamıza ilk medalları pauerliftinqçilərimiz qazandırıblar. Belə ki, Aytac Səmədova ayaqüstə ağırlığı yerindən qaldırmada birinci, ağırlığı çiyinə alaraq oturub-durmada ikinci, uzanaraq ağırlığı sinəyə almaqda isə üçüncü olub. Üç hərəkətin cəminə görə isə gümüş medala layiq görülmüşdür. Araz Fətullayev poverliftinqdə ayaqüstə ağırlığı yerindən qaldırmada gümüş, ağırlığı çiyinə alaraq oturub durmada dördüncü, uzanaraq ağırlığı sinəyə almaqda gümüş medallar qazanmışdir. Üç hərəkətin cəmində isə gümüş medala layiq görülmüşdür. Digər təmsilçilərimiz Amal Zeynalova uzanaraq ağırlığı sinəyə almaqda, Əsədulla Mirzəyev isə yerindən qaldırmada bürünc medal qazanıblar.
Atletika üzrə yarışlarda da təmsilçilərimiz böyük uğura imza atıblar. Belə ki, Nigar Mustafayeva F-01 divizionunda 25 m. məsafəyə qaçışda birinci, 50 m. məsafədə ikinci olub. Aidə Rzayeva isə hər iki məsafə üzrə bürünc medal qazanıb. Səid Rzayev M-21 divizionunda 100 m. məsafəyə qaçışda 3-cü ola bilib. Daha bir atletimiz Ariz Paşayev isə M-03 divizionunda 50 m. məsafəyə qaçışda və yerindən tullanmada ikinci yerə sahib olub.
Cüdo yığmamızın üzvləri oyunlarda üç medal qazanıblar. 60 kq. çəki dərəcəsində Elnur Rəhmanov qızıl, Nikita Merkuryev isə bürünc medallara imza atıblar. 64 kq. çəki dərəcəsində Fərid Şərifov isə gümüş medal qazanıb.
Stolüstü tennis yığmamızın üzvləri Eyvaz Muradov və Evelina Rodina cütlüyü qarışıq komanda yarışında ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüblər. Eyvaz Muradov isə şəxsi yarışda gümüş medal qazanıb.
Üzgüçülük yarışlarında isə bir təmsilçimiz – Mirqaib Rəsulov 800 m. məsafədə sərbəst üsulla üzmədə 6-cı divizionda mükafatçılar sırasında yer ala bilib – bürünc medal.
Komandamızın aktivinə daha bir qızıl medalı isə badmintonçumuz Teyfə Musayeva yazdırıb.
Olimpiya yığmamız komanda idman növlərindən dördündə təmsil olunub və ən yüksək nəticə basketbol yığmasına nəsib olub.
Oğlanlardan ibarət “Unified” basketbol yığma komandamız VI divizionda finalda İndoneziya millisinə 26 : 24 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Oğlanlardan ibarət “Unified” voleybol yığması isə “A” qrupunda İndoneziya millisinə 2 : 1 hesabı ilə qalib gələrək üçüncü olub.
Qızlardan ibarət həndbol və futbol yığmalarımızı isə medaldan cəmi bir pillə ayırıb. Belə ki, həndbolçularımız həlledici qarşılaşmada ən güclü birinci divizionda Norveç yığmasına məğlub olaraq dördüncü yerlə kifayətləniblər.
Futbol yığmamız da üçüncü yer uğrunda Danimarka komandasına 2:1 hesabı ilə uduzub və ən güclü divizionda dördüncü olub.
Beləliklə, atletlərimiz Xüsusi Yay Olimpiya Oyunlarını 25 medalla (6 qızıl, 10 gümüş, 9 bürünc) başa vurublar. Növbəti Xüsusi Yay Olimpiya Oyunları 2023-cü ildə Almaniyanın, Berlin şəhərində keçiriləcək.
Bakı ş.,Ziya Bünyadov pr.1965 ,AZ1075
Çinar Park biznes mərkəzi (1-ci bina ¨ mərtəbə 3) , (+994)50 363 90 44
nationaldirector@azspecialolympic.com