Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Bakıda, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu keçirilib
29 sentyabr 2018

Sentyabrın 24-də Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın qatıldığı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Xüsusi Olimpiya Hərəkatına həsr olunmuş videoçarx nümayiş olunub.

Gənclər və idman naziri A.Rəhimov çıxış edərək bildirib ki, Azərbaycan dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyur: "Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. 2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev-sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Bu forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə bu hərəkatın inkişafı üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, biz Xüsusi Olimpiya Oyunlarında medallar qazanmışıq. Mən Azərbaycanda Xüsusi Olimpiya Hərəkatına dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm”.

Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri T.Şriver isə deyib ki, burada iştirak edən gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyəti olan insanı ümumilikdə hamı üçün inklüzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər.

Sonra Xüsusi Olimpiya Hərəkatının bayrağı səhnəyə gətirilib və hərəkatın məşəli nazir A.Rəhimova təqdim olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda keçirilən inklüzivliyi təşviq edən forumda iştirak edəcək. Xüsusi Olimpiya Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.

Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayacaqlar. Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək. Beşgünlük forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənir.

Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək.

Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Forum çərçivəsində Bakı İdman Sarayında növbəti tədbir keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, veteran futbolçu İsgəndər Cavadov, məşhur karateçi Rafael Ağayev və digər şəxslər iştirak ediblər.

Tədbir gənc gimnastların çıxışı ilə başlanıb. Sonra Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri və gimnastika üzrə ikiqat Olimpiya çempionu Nadya Komaniç birgə dərslər keçib. Olimpiya çempionunun önündə gimnastika üzrə gənclərdən ibarət qız və oğlanlar çıxış ediblər. N.Komaniç onlara diplomlar təqdim edib.

Daha sonra tanınmış idmançılar və əqli imkanları məhdud gənclər arasında futbol oyunu keçirilib. Turnirdə üç komanda - Azərbaycan, Avropa Xüsusi Olimpiya Hərəkatı və Dünya kollektivləri yarışıblar. Heyətində Fərid Mansurov, Rafael Ağayev, Namiq Abdullayev və başqa tanınmış idmançıların olduğu Azərbaycan komandası hər iki rəqibi məğlub edib. Lakin mükafatlandırma mərasimində qonaqpərvərlik əlaməti olaraq qızıl medallar dünya komandasına təqdim edilib. Azərbaycan komandası isə bürünc medallarla təltif edilib.

Turnirdən sonra R.Ağayev bildirib ki, futbol karatedən sonra ən sevdiyi idman növüdür: “Gənclərimizi və bütün uşaqları sevindirdik. Mənim üçün gənclərlə birlikdə futbol oynamaq böyük şərəfdir. Bu tədbirin təşkilatçılarına minnətdaram”.

N.Abdullayev əqli imkanları məhdud gənclərlə futbol oynamağın çox gözəl olduğunu, dünyaya bir mesaj olduğunu söyləyib.

Sentyabrın 26-da Bakı İdman Sarayında braziliyalı futbol veteranı, ikiqat dünya çempionu Kafunun Xüsusi Olimpiya Hərəkatının səfiri elan olunmasına dair sənəd imzalanıb.

Mərasimdə veteran futbolçu ilə yanaşı, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.

D.Evangelista gənc liderlərin 20-ci Qlobal Forumunun Bakıda təşkilinə görə gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib: “Bu gün Kafu və Emmauelleni burada görmək xoşdur. Onun kimi məşhur futbolçu bizim səfirimiz olacaq. Bundan sonra da dairəmizi genişləndirməyə çalışacağıq”.

Kafu bildirib ki, Bakıya ilk səfərində bu cür tədbirdə iştirak etmək onun üçün çox xoşdur: “Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq mənim həyatımda ən xoşbəxt anlardan biridir. Puldan və hər bir qalibiyyətdən önəmlisi, məncə, uşaqların üzünü güldürməkdir”.

Sonra Kafu və D.Evangelista əməkdaşlıq müqaviləsi imzalayıblar.

Qeyd edək ki, Kafu 1990-2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı müdafiəçi karyerası ərzində vətənində “San Paulu”, “Palmeyras”, İspaniyanın “Saraqosa”, İtaliyanın “Roma” və “Milan” klublarının formasını geyib. O, 1994-cü və 2002-ci il Dünya Çempionatlarının qalibidir.

Foto-şəkillərin mənbəyi:   flickr   |   Special Olympics Europe_Eurasia

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com