2016-cı ilin 2-6 iyun tarixlərində İspaniyanın Valensiya şəhərində oğlanlar arasında mini-futbol üzrə beynəlxalq Avropa turniri başa çatmışdır. Turnirdə İspaniya, Fransa, Serbiya və Azərbaycandan 24 komanda mübarizə aparmışdır.
Yığma komandamız turnirin ilkin oyunlarında İspaniyanın “Kastella Leon” komandası ilə xalları bölüşdürmüş, oyun 2:2 hesabı ilə başa çatmışdır. İkinci oyunda isə yığmamız İspaniyanın Valensiya şəhərini təmsil edən “Villarreal B” komandasına 3:0 hesabı ilə qalib gəlmişdir. Üçüncü oyunda yığmamız yenə İspaniyanın Kenta komandası ilə 0:0 hesabı ilə xalları bölüşdürmüşdür. İlkin oyunların son görüşündə isə futbolçularımız “Andalisiya A” komandasına 2:0 hesabı ilə qalib gələrək yarışların II güclü divizionunda yer almışdı.
II güclü divizionda yığmamız “Ekstramadura”, “Kanarias” və “Levante” klubları ilə mübarizəsini davam etdirmişdir. İlk oyunda futbolçularımız “Ekstramadura”ya 4:0, növbəti oyunda “Kanarias” komandasına 8:1 hesabı ilə qalib gəlmiş və yalnız “Levante” klubu ilə gərgin mübarizə şəraitində keçən oyunda 0:2 hesabı ilə məğlub olaraq və dairəvi oyunların ümumi nəticəsinə görə Beynəlxalq turnirin II güclü divizionunda gümüş medallara layiq görülmüşdür.
Yığma komandamız Bakı və Abşerondan olan xüsusi, yardımçı məktəb- internatlarından və Salyan regional proqramının əqli və sağlamlıq imkanları məhdud olan futbolçularından tərtib olunmuşdur. Yığma komandanı bu yarışlara Komitənin futbol koordinatoru Kamran Fətullayev və baş məşqçi Ramil Rəcəbov hazırlamışdır.
Xüsusi Olimpiya hərəkatına olan diqqət və qayğıya görə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eyni zamanda maliyyə təminatına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yığma komandanın tərtibatı, hazırlığı ilə əlaqədar Xüsusi Olimpiya Komitəsi ilə əməkdaşlıq edən “İnter” Peşəkar İdman Klubuna təşəkkürümüzü bildiririk.
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com