Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 2014-2015-ci illərdə fəaliyyəti barədə PRESS-RELIZ
1 fevral 2016

Hörmətli media nümayəndələri,
Sizi 2014-2015-ci illər üzrə Komitənin fəaliyyəti ilə tanış edirik.

Komitədə 11 idman növü, o cümlədən 10 yay və 1 qış idman növü inkişaf etdirilir. Bunlar atletika, badminton, basketbol, futbol, həndbol, voleybol, cüdo, pauerliftinq, stolüstü tennis, üzgüçülük və döşəmə üzərində hokkey idman növləridir. Göstərilən idman növləri üzrə hər il təqvim planına uyğun olaraq yaz və payız aylarında seçmə yarışlar, o cümlədən özəl günlərə və 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş Respublika yarışları keçirilir. Yarışlarda Respublikamızın Bakı-Abşeron, Gəncə, Sumqayıt, Şəki, Quba, Lənkəran, Göyçay və Salyan regionlarından olan yardımçı, xüsusi məktəb və internatların, uşaq evlərinin şagirdləri, məzunları və ailələrdən olan yüzlərlə idmançı öz komandalarının tərkibində yuxarıda göstərilən Respublika yarışlarında iştirak edir. Qaliblər və mükafatçılar Komitənin təsis etdiyi kubok, medal və diplomlarla mükafatlandırılır.

Son iki ildə aşağıdakı layihələr həyata keçirmişdir:
– Yuxarıda göstərilən Regional proqramların inkişaf etdirilməsi, Şirvan, Zaqatala, Tovuz şəhərlərində yeni regional filialların yaradılması layihəsi.
– Ailə proqramı layihəsi. Mütəmadi olaraq davam edir, biz bu layihəyə Komitə olaraq çox böyük önəm veririk, ona görə ki, hesablamalrımıza görə əqli imkanları məhdud olan insanların böyük əksəriyyəti qapalı müəssisələrdə deyil, məhz ailələrdədir.
– UNİFİED – Birləşmiş idman layihəsi də əsas istiqamətlərimizdən biridir. Mənası ondan ibarətdir ki, idman oyunları komandalarının yarısı əqli imkanları məhdud, yarısı isə məktəb yaşlı idmançılardan ibarət olur. Məqsəd isə xüsusi olimpiyaçıların sağlam idmançılarla birgə yarışması zamanı onların bərpası və sağlam cəmiyyətimizə inteqrsiyasının sürətlənməsidir.
– Young athlet – uşaq-atletlər layihəsi də davamlı xarakter daşıyır. Onlar Komitənin gələcəkdə ehtiyat idmançıları sayılırlar. Uşaq-atletlər 2 qrupa bölünür: 3-7 kiçik yaşlılar, 8-12 böyük yaşlılar. Kiçik yaşlılar cəlb olunarkən onlara mütəhərrik oyunlar təşkil olunur və “Şən startlar” yarışları keçirilir. Böyük yaşlı uşaq-atletlər isə futbol, badminton, stolüstü tennis, üzgüçülük, atletika və digər idman növləri üzrə il boyu təlim-məşq prosesinə cəlb olunur və onlar üçün müvafiq idman növləri üzrə yarışlar keçirilir.
– Eyni zamanda, 2014-2015-ci illər ərzində Komitə idmançıları yuxarıda göstərilən idman növləri üzrə Ümumdünya və Avropa Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edərək aşağıdakı nəticələri göstərmişlər.

2014-cü ilin 9-21 sentyabr müddətində Belçikanın Antverp şəhərində keçirilmiş Avropa Xüsusi Yay Oyunlarında 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. İdmançılarımız atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində çıxış edərək aşağıdakı nəticələri göstərmişlər:
ATLETİKA: 3 qızıl, 4 gümüş və 1 bürünc medal.
BADMİNTON: 1 qızıl, 2 gümüş medal.
STOLÜSTÜ TENNİS: 2 qızıl, 2 gümüş medal.
CÜDO: 1 qızıl, 2 bürünc medal.
ÜZGÜÇÜLÜK: 1 bürünc medal.
BASKETBOL: Yarışların finalında Yunanıstan yığmasına 50 : 45 hesabı ilə qalib gələrək qızıl medal qazanmışdır.
İDMANÇILARIMIZIN AYRI-AYRI IDMAN NÖVLƏRI ÜZRƏ ÜMUMILIKDƏ QAZANDIĞI MEDALLARIN SAYI 8 QIZIL, 8 GÜMÜŞ, 4 BÜRÜNC OLMUŞDUR.

2015-ci ilin 21 iyul - 3 avqust tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anjeles şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında atletika, üzgüçülük, stolüstü tennis, badminton, cüdo, pauerliftinq (ağırlıq qaldırma) idman növləri üzrə 22 nəfərdən ibarət Komitənin yığma komandaları iştirak etmişlər. Nəticələr aşağıdakı kimi olmuşdur:
ATLETİKA: 1 gümüş, 2 bürünc
BADMİNTON: 1 qızıl, 2 gümüş, 1 bürünc
CÜDO: 1 bürünc medal
STOLÜSTÜ TENNİS: 1 qızıl, 3 gümüş medal.
PAUERLİFTİNQ: 4 qızıl, 2 gümüş, 1 bürünc medal.
ÜZGÜÇÜLÜK: 2 qızıl, 2 gümüş medal.
İDMANÇILARIMIZ CƏMİ 24 MEDAL, O CÜMLƏDƏN 8 QIZIL, 11 GÜMÜŞ VƏ 5 BÜRÜNC MEDAL QAZANMIŞLAR.

KOMİTƏNİN QISA TARİXİ BARƏDƏ

Beynəlxalq aləmdə “Speşial Olimpiks” adı ilə tanınan Xüsusi Olimpiya hərəkatının əsasını 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi-Şrayver qoymuşdur. Hər şey əqli imkanları məhdud olanlar üçün onun evində idman-sağlamlıq düşərgəsinin təşkilindən başlayıb. Onların futbol oynamaqda, qaçmaqda və üzgüçülükdə göstərdikləri məharət və fəallıq tezliklə bütün dünyanın diqqətini cəlb etdi. Bütün bunlar əqli imkanları məhdud olanlara qarşı ictimai fikrin tam dəyişməsinə səbəb oldu.

1968-ci ildə Çikaqoda ilk Xüsusi Yay Olimpiya Oyunları keçirilmişdir. 1988-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsi Speşial Olimpiks Komitəsini rəsmən tanımış və qarşılıqlı anlaşma müqaviləsi imzalanmışdır.

Xüsusi Olimpiya Komitəsinin Baş Qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. 2010-cu ilə kimi Komitənin sədri ömürlük fəxri sədr Yunis Kennedi-Şrayverin həyat yoldaşı Sarjent Şrayver olmuşdur. Hal-hazırda Komitənin Sədri və Baş idarəedicisi isə onların oğlu, elmlər doktoru Timoti Şrayverdir.

Xüsusi Olimpiya və Paralimpiya Komitələri iki müxtəlif təşkilatdır. Xüsusi Olimpiya əqli imkanları məhdud olan insanlara öz atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır. Yəni, zəif, orta və yüksək nəticə göstərən idmançılar öz hazırlıq səviyyələrinə uyğun olaraq ayrı-ayrı qruplara bölünür və hər qrupda ayrı-ayrılıqda qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparırlar. Paraolimpiya isə fiziki və əqli çatışmazlığı olan yalnız yüksək nəticəli atletlərin idman bacarıqlarını təmin edir.

Azərbaycanda bu hərəkat rəsmən 1992-ci ildən etibarən fəaliyyət göstərir.

Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005  

Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73

nationaldirector@azspecialolympics.com